17.12.2007

195 saylı telefon məlumat xidməti haqqında

Vergi ödəyicilərinin müraciətlərinin operativ cavablandırılması, vergi orqanlarına gəlmədən informasiya ala bilmələri üçün yaradılan 195 saylı telefon məlumat xidməti vergi ödəyiciləri ilə operativ ünsiyyət baxımından çox faydalı və mütərəqqi bir xidmət növü olaraq qalır. Statistika göstərir ki, bu məlumat xidmətindən istifadə edən vergi ödəyicilərinin sayı durmadan artır.
Belə ki, əgər 2005-ci ildə telefon məlumat xidmətinə 122737 müraciət edilmişdisə, 2006-cı ildə bu rəqəm 187091-ə çatmışdır. 2007-ci ilin yanvar-noyabr ayları ərzində isə telefon məlumat xidmətinə 203496 müraciət daxil olmuşdur. Bunlardan 57929 sorğu canlı olaraq mütəxəssislər tərəfindən, 145567-i isə elektron operator tərəfindən cavablandırılmışdır.
Sorğuların təhlili göstərir ki, vergi ödəyicilərini daha çox ayrı-ayrı vergilərin ödənilməsi zamanı hesablamaların aparılması, həmçinin hesabatların təqdim edilməsi ilə bağlı məsələlər maraqlandırır. Suallar arasında nəzarət-kassa aparatları, vergi ödəyicilərinin uçotu, sanksiyalar barədə suallar da çoxluq təşkil edir.
Qeyd etmək lazımdır ki, 195 saylı telefon məlumat xidməti təkcə sorğuların cavablandırılması ilə deyil, həm də vergi ödəyicilərinin şikayətlərinin qəbul edilməsini də təmin edir. Bu ilin ötən dövründə telefon məlumat xidmətinə vergi qanunvericiliyinin pozulması ilə əlaqədar 175 şikayət daxil olub.
Daxil olmuş şikayətlərin əsas hissəsi müxtəlif vergi qanunvericiliyi hallarının pozulması ilə bağlı vətəndaşlardan xəbərdarlıq xarakteri daşıyan məlumatlar təşkil etmişdr. Xüsusilə də, müxtəlif ticarət obyektlərində NKA-dan çekin və yaxud göstərilən xidmətlərə görə qəbzin verilməməsi, əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslərin vergidən yayınmaları barədə, həmçinin vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər barədə məlumatlar daxil olmuşdur. Bu da bir tərəfdən vətəndaşların 195 saylı telefon xidmətinə olan etimadını göstərmişdirsə, digər tərəfdən qanunsuz sahibkarlıq faktlarının aşkar edilməsi üçün əlavə imkanlar yaratmışdır.

 


geriyə || yuxarı