13.12.2007

Vergi borclarının məcburi alınması işinin təşkili haqqında

Dekabrın 13-də Vergilər Nazirliyində Vergi borclarının məcburi alınması işinin təşkili İdarəsinin rəisi Bəxtiyar Qəhrəmanovun brifinqi keçirilmişdir. Brifinq 2007-ci ilin 11 ayında vergi borclarının məcburi alınması işinin təşkili sahəsində görülən işlərə və bu sahədə həyata keçirilən islahatlara həsr olunmuşdu.
Tədbirdə çıxış edən Vergi borclarının məcburi alınması işinin təşkili İdarəsinin rəisi Bəxtiyar Qəhrəmanov bildirmişdir ki, bu sahədə aparılan işlər, həmçinin vergi ödəyicilərinin məlumatlanıdırılmasında kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə edilməsi nəticəsində vergi borclarının dövlət büdcəsinə ödənilməsində müsbət tendensiyalar müşahidə edilməkdədir. Belə ki, 2007-ci il yanvar ayının 1-nə 17658 vergi ödəyicisinin borcu olmuş, həmçinin 2007-ci ilin 11 ayında 58712 vergi ödəyicisinin borcu yaranmış, görülmüş tədbirlərin nəticəsi olaraq 59983 vergi ödəyicisinin borcu ləğv edilmiş, bu günə borclu vergi ödəyicilərinin sayı 16387-yə salınmışdır. Bu vergi ödəyicilərinin 36,3 faizi dövlət sektoruna, 63,4 faizi qeyri-dövlət sektoruna aiddir.
B.Qəhrəmanov vergi borclarının məcburi alınması işinin təşkili ilə bağlı məlumat verərək bildirmişdir ki, borcu yaranmış vergi ödəyicilərinə ilk olaraq öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı bildirişlər göndərilir, borclar ödənmədiyi halda vergi ödəyicilərinin bank hesablarına sərəncamlar tətbiq edilir, bundan sonra da borc öhdəlikləri yerinə yetirilmədikdə əmlakın siyahıya alınması və məhkəmə qətnamələri əsasında açıq hərraclarda satılması mexanizmi işə salınır. B.Qəhrəmanov qeyd etmişdir ki, bu ilin 11 ayında ödəyicilərə borclarının ödənilməsi ilə bağlı 162993 bildiriş verilmiş, 21605 ödəyicinin bank hesablarına sərəncamlar verilmiş, 19572 ödəyici barədə isə Vergilər Nazirliyinin qərarı açılmışdır.
Bundan başqa, bəyannamələri vaxtında təqdim etməyən 46126 vergi ödəyicisindən bəyannamənin alınması təmin edilmiş, bəyannamələrini gecikdirmiş ödəyicilərə isə 1,09 mln. manat maliyyə sanksiyası və 8 min manat inzibati cərimə kəsilmişdir.
«Vergi inzibatçılığının təkmilləşdirilməsi» Dövlət Proqramı çərçivəsində vergi borclarının məcburi alınması sahəsində görülən işlər barədə məlumat verən B.Qəhrəmanov qeyd etmişdir ki, Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) tətbiqi bu sahədə də bir çox prosesləri avtomatlaşdırmağa imkan vermişdir. Belə ki, borclu vergi ödəyicilərinin həm iqtisadi sahələr üzrə, həm də borcların yaranma müddətlərinə görə qruplaşdırılması aparılmış, təhlil edilmiş, bildirişlərin, sərəncamların göndərilməsi prosesləri AVİS-in imkanlarından istifadə edilməklə tam avtomatlaşdırılmışdır.
B.Qəhrəmanov həmçinin bu ilin əvvəlindən vaxtında ödənilməmiş vergilərə görə faiz dərəcələrinin respublika üzrə kreditlərə görə orta faiz dərəcəsinin həddinə çatdırılmasının ümumi prosesə müsbət təsir etdiyini qeyd etmişdir. Bildirilmişdir ki, faiz dərəcələrinin 0,05 faizdən 0,1 faizə qaldırılması vergi ödəyicilərinin borcları ödəməsini stimullaşdırmışdır.
Tədbirdə jurnalistləri maraqlandıran digər suallar da cavablandırılmışdır.

Foto 1

geriyə || yuxarı