04.12.2008

Tacikistan nümayəndə heyətinin səfəri haqqında

Dünya Bankının Azərbaycanı islahatçı ölkə olaraq tanıması ölkəmizdə aparılan uğurlu islahatların bir çox ölkələr tərəfindən daha maraqla izlənməsinə səbəb olmuşdur. Artıq bir sıra dövlətlər beynəlxalq maliyyə institutlarının tövsiyyələri əsasında bu islahatları dərindən öyrənmək məqsədilə ölkəmizə səfərlər edirlər.
Beynəlxalq Maliyyə Korporasiyası, Avropa İttifaqı və ABŞ-ın Beynəlxalq İnkişaf üzrə Agentliyinin tövsiyyəsi və texniki dəstəyi əsasında Tacıkistan Respublikası Hökümətinin və Tacik Sahibkarlıq Assosiasiyalarının nümayəndə heyəti dekabrın 1-4-də  Bakıda səfərdə olmuşlar. Səfərdə məqsəd Azərbaycanda sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı sahəsində aparılan islahatlarla tanış olmaq, ölkəmizin bu sahədə təcrübəsini öyənməkdir. 
Nümayəndə heyətinin üzvləri Vergilər Nazirliyində olmuşlar.  Vergilər nazirinin müavini Natiq Qasımov iki dost ölkə arasında əməkdaşlığın daha da genişləndiyni bildirmiş, qarşılıqlı əlaqələrin dərinləşdyini vurğulamışdır. Nazir müavini qonaqlara ölkəmizdə və vergi sistemində aparılan islahatlar barədə ətraflı məlumat vermişdir.
Nümayəndə heyətinin üzvləri kommersiya hüquqi şəxslərin "bir pəncərə" prinsipi üzrə dövlət qeydiyyatı prosesi ilə taniş olmaq üçün Bakı Şəhər Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsində olmuşlar. Tacikistan nümayəndə heyəti İdarənin fəaliyyəti, kommersiya hüquqi şəxslərin "bir pəncərə" prinsipi ilə dövlət qeydiyyatına alınması üçün yaradılan şəraiti, eləcə də kommersiya hüquqi şəxslərin qeydiyyat prosesini müşahidə etmişlər.
Sonra Tacıkistan nümayəndə heyəti üçün sahibkarlıq subyektlərinin “bir pəncərə” prinsipi ilə qeydiyyatının aparılmasına dair ölkəmizin təcrübəsini əks etdirən təqdimat keçirilmişdir. Bu sahədə həyata keçirilən islahatların nəticəsi olaraq, Dünya Bankı və Maliyyə Korporasiyasının layihəsi olan "Doing Business"in 2009-cu il üçün tərtib edilən hesabatında Azərbaycanın 64-cü pillədən 13-cü yerə yüksəldiyini qonaqların nəzərinə çatdırılmışdır.
Səfər zamanı Tacikistan nümayəndə heyəti həmçinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) ilə tanış olmuşlar. Nümayəndə heyətinə informasiya texnologiyalarının vergi sistemində tətbiq olunan son nailiyyətləri nümayiş etdirilmiş, AVİS və bu sistemin həyata keçirilmə prinsipləri ilə bağlı ətraflı məlumatlar çatdırılmışdır. Eyni zamanda, qonaqlara ölkəmizdə tətbiq olunan ƏDV depozit hesabları barədə də ətraflı məlumat verilmişdir. Bu məsələlərlə bağlı keçirilmiş təqdimatlar böyük maraqla qarşılanmışdır.


geriyə || yuxarı