07.08.2007

Ukrayna Dövlət Vergi Administrasiyasının sədri Anatoli Brezvin ilə görüş haqqında

Ukrayna Dövlət Vergi Administrasiyasının sədri Anatoli Brezvinin başçılığı ilə Bakıya işgüzar səfərə gələn nümayəndə heyəti avqustun 7-də Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, abidəsi önünə əklil qoymuşlar. Qonaqlar həmçinin görkəmli alim Zərifə xanım Əliyevanın abidəsi önünə gül qoymuşlar.
Səfərdə məqsəd Azərbaycanın vergi sistemi ilə, ölkəmizdə aparılan vergi islahatları təcrübəsi ilə tanışlıqdır. Həmin gün vergilər naziri Fazil Məmmədov nümayəndə heyətini qəbul etmişdir. Görüşdə iki ölkə arasında vergilər sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
Vergilər naziri Fazil Məmmədov cənab Anatoli Brezvini Bakıda görməkdən məmnun olduğunu bildirmiş, iki dost ölkə arasında qarlışılıqlı əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə etmişdir. Nazir qeyd etmişdir ki, ölkələrimiz arasında strateji və işgüzar tərəfdaşlıq münasibətləri mövcuddur və bu əməkdaşlıq son illər yüksələn xətlə inkişaf edir.
Cənab A.Brezvin Azərbaycanı dost ölkə hesab etdiklərini bildirmiş, Ukraynada böyük sayda azərbaycanlının yaşadığını və onların ölkənin ictimai-siyasi həyatında aktiv rol oynadığı vurğulamışdır. A.Brezvin iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin getdikcə dərinləşməsindən mənunluğunu ifadə etmişdir.
Görüşdə iki ölkənin vergi xidmətləri arasında qurulan əlaqələr, onların genişləndirilməsi və dərinləşdirilməsi məsələləri müzakirə edilmişdir.
Sonra Ukrayna Dövlət Vergi Administrasiyasının nümayəndələri üçün Azərbaycanın vergi xidmətində aparılan islahatlar və vergi sisteminin  modernləşdirilməsinə həsr olunmuş xüsusi təqdimatlar keçirilmişdir. Bildirilmişdir ki, son bir neçə ildə ölkəmizin vergi xidmətinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Vergi ödəyicilərinə xidmət sistemi, Nazirliyin Tədris Mərkəzi yaradılmış, vergi uçotu sadələşdirilmiş, vergilərin sayı və dərəcələri azaldılmış, vergi xidmətində Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi işə salınmış, şəffaflıq prosedurları tətbiq edilmişdır.
Qonaqlar üçün vergi xidməti əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsi meyarları və vergi orqanlarında vergi ödəyicilərinə xidmət sisteminin qurulması barədə xüsusi təqdimatlar keçirilmişdir. Qeyd olunmuşdur ki, Vergilər Nazirliyi artıq bəyannamələrin elektron şəkildə qəbulu prosesinə də başlamışdır.
Ukrayna Dövlət Vergi Administrasiyasının sədri A.Brezvin Azərbaycanın vergi sahəsində aparılan islahatların təqdirəlayiq olduğunu vurğulamışdır. O qeyd etmişdir ki, Ukrayna da vergi islahatları aparır və onun bu islahatlar zamanı üzləşdiyi problemlərin bir çoxunu Azərbaycan həll etmişdir. Bu baxımdan vergi inzibatçılığının təkmilləşdirilməsi prosesi maraq doğurur.
Nümayəndə heyəti həmçinin vergi sistemində menecmentin qurulmasının yüksək səviyyədə olduğunu qeyd etmişdir. Vergi ödəyicilərinə xidmət strukturlarının fəaliyyəti, həmçinin təklif olunan xidmətlərin spektrinin genişliyi qonaqlarda böyük maraq doğurmuşdur.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.

 


geriyə || yuxarı