25.04.2008

“Azərbaycanın vergi sisteminin inkişafında Heydər Əliyevin rolu” mövzusunda keçirilmiş elmi konfrans haqqında

Aprelin 25-də Vergilər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetində respublikanın müxtəlif ali məktəblərində təhsil alan tələbə və magistrlar arasında “Azərbaycanın vergi sisteminin inkişafında Heydər Əliyevin rolu” mövzusunda elmi konfrans keçirilmişdir. Tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar Vergilər Nazirliyində təsqid olunmuş Tədbirlər Planına əsasən təşkil edilmişdir.
Əvvəlcə vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri cənab Fazil Məmmədov və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Şəmsəddin Hacıyev ali məktəbin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuş, onun əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər.
Konfransın plenar iclasında çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Şəmsəddin Hacıyev ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində yad edildiyini vurğulamış, dahi öndərin zəngin və dəyərli fəaliyyətinin gələcək nəsilllər üçün örnək olduğunu bildirmişdir.
Rektor respublikada həyata keiçirilən iqtisadi islahatlara da toxunmuş və vurğulamışdır ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında başlanan islahatlar Azərbaycanın inkişafının təməlidir və bu gün də uğurla davam etdirilir.
Ş.Hacıyev Vergilər Nazirliyinin təşkil etdiyi belə bir tədbirin mühüm əhəmiyyət daşıdığını bildirmişdir. Qeyd etmişdir ki, bu gün hər bir azərbaycanlının borcu Heydər Əliyevin yaratdığı maddi və mənəvi dəyərlərin mahiyyətini, əhəmiyyətini dərindən dərk etmək, onları həyata keçirməkdən ibarətdir.  
Azərbaycan dövlətçiliyinin ən yeni və şərəfli tarixini yaratmış xalqımızın ümummilli liderinin 85 illik yubileyi münasibətilə təşkil olunan konfransın bütün iştirakçılarını salamlayan vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri cənab Fazil Məmmədov bildirmişdir ki, dünya şöhrətli müdrik və uzaqgörən siyasətçi, nadir şəxsiyyətlərdən olan Heydər Əliyevin çoxşahəli, ümümbəşəri xarakter daşıyan və beynəlxalq aləmdə geniş əks-səda doğuran siyasi-ictimai fəaliyyətini təhlil etmək, araşdırmaq bu günki və gələcək tariximizin bütün mərhələlərində aktualdır və çox mühüm əhəmiyyət kəsb edir.
F.Məmmədov Azərbaycanda maliyyə-büdcə siyasətinin formalaşdırılmasında, iqtisadi potensialın artırılmasında və əhalinin sosial durumunun yaxşılaşdırılmasında vergi sisteminin özünəməxsus rolu olduğunu vurğulamışdır. Bildirmişdir ki, bu mənada respublikada vergi sisteminin daha da təkmilləşdirilməsi və müasir tələblərə cavab verən vergi xidmətinin yaradılması daim böyük əhəmiyyət kəsb etmiş, uğurla aparılan iqtisadi islahatlara paralel olaraq vergi sistemində də dəyişikliklərin, yeniliklərin həyata keçirilməsi obyektiv zərurətə çevrilmişdir.
Bununla əlaqədar, nazir qeyd etmişdir ki, müdrik siyasətçi Heydər Əliyevin bilavasitə rəhbərliyi altında ölkədə çevik vergi siyasətinin həyata keçirilməsi, vergi sisteminin vahid hüquqi bazasının yaradılması, onun beynəlxalq standartlara uyğunlaşdırılması və səmərəliliyinin artırılması istiqamətlərində məqsədyönlü islahatlar aparılmışdır. F.Məmmədov ümummilli liderin rəhbərliyi altında müstəqil Azərbaycan Respublikasının vergi sisteminin təşəkkül prosesinin iki mərhələdən ibarət olduğunu diqqətə çatdırmış və bu mərhələləri geniş təhlil etmişdir.
Nazir bu konfransın təşkilində başlıca məqsədin vergi sisteminin inkişafında Heydər Əliyevin rolunu, bu sahədə onun zəngin və dəyərli fəaliyyətini bir daha öyrənmək və gələcək fəaliyyətdə istifadə üçün ulu öndərin ali ideyalarının mahiyyətini dərk etməkdən ibarət olduğunu da xüsusi vurğulamışdir.
Plenar iclasda çıxışlar başa çatdıqdan sonra konfrans “Milli iqtisadiyyatın inkişaf modelində vergi siyasəti”, “Azərbaycan Respublikasının vergi qanunvericiliyi və sahibkarlıq fəaliyyətinin tənzimlənməsi” və “Vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətləri” bölmələrində işini davam etdirmişdir.
Qeyd edək ki, “Azərbaycanın vergi sisteminin inkişafında Heydər Əliyevin rolu” mövzusunda keçirilmiş elmi konfransda Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Beynəlxalq Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Qafqaz Universiteti, Milli Aviasiya Akademiyası və Maliyyə İqtisad Kollecinin tələbə və magistrları iştirak etmişdir.

 

geriyə || yuxarı