26.04.2008
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev iqtisadi idarəetmə məktəbi”nin növbəti məşğələsi haqqında
Aprelin 26-da Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentində “Heydər Əliyev iqtisadi idarəetmə məktəbi”nin növbəti məşğələsi keçirilmişdir. Məşğələ Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar Vergilər Nazirliyində təsdiq edilmiş Tədbirlər Planına əsasən təşkil edilmişdir.
Əvvəlcə vergilər naziri Fazil Məmmədov və məşğələ iştirakçıları Departamentin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuş, onun əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər.
Sonra tədbir akt zalında davam etmişdir. Vergilər naziri Fazil Məmmədov tədbiri açıq elan edərək ümummilli liderin şərəfli siyasi fəaliyyəti və dahi şəxsiyyəti barədə danışmış, ulu öndərin öz ömrünü Azərbaycan xalqına həsr etdiyini vurğulamışdır.
Nazir qeyd eymişdir ki, tarixdə hər bir xalqın özünün lideri və dahi şəxsiyyətləri olmuşdur. Bu şəxsiyyətlərin həyatı, idarəçilik üsulu daim öyrənilmişdir. Türk xalqı müasir dövlətçiliyi üçün Mustafa Kamal Atatürkə, ingilislər Çörçilə, amerikalılar Avraam Linkolna və Ruzveltə, fransızlar Şarl De Qola minnətdar olduqları kimi, Azərbaycan xalqı da öz dahi oğlu və ümummilli lideri olan Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, dünya miqyaslı bir şəxsiyyət olması ilə fəxr etməyə layiqdir.
F.Məmmədov bildirmişdir ki, bu gün Heydər Əliyevin iqtisadi idarəetmə irsinin öyrənilməsi, təbliğ edilməsi və gələcək nəsillərə çatdırılması iqtisadi qurumların başlıca vəzifələrindən biridir. Bu baxımdan nazir dahi öndərin ideyalarının təbliğində “Heydər Əliyev iqtisadi idarəetmə məktəbi”nin üzvlərinin də böyük əməyi olduğunu diqqətə çatdırmış və bu gün Vergilər Nazirliyinin əməkdaşları üçün bu məşğələni təşkil etdiklərinə görə bir daha təşəkkürünü bildirmişdir.
Tədbirdə çıxış edən akademik, məktəbin elmi məsləhət şurasının sədri Asəf Nadirov ümummilli lider haqqında şəxsi düşüncələri ilə bölüşmüşdür.
Məşgələdə iştirak edən məktəbin elmi məsləhət şurasının üzvləri – Milli Məclisin iqtisadi-siyasət komissiyasının sədri, akademik Ziyad Səmədzadə, millət vəkili, professor Xanhüseyn Kazımlı, AzDİU-nun rektoru, professor Şəmsəddin Hacıyev, Prezidentin İcra Aparatının İctimai-siyasi məsələlər üzrə şöbəsinin sektor müdiri Qafar Əliyev, professorlar Sadıq Salahov və Cavanşir Qocayev cıxış etmişlər.
Sonda tədbiri yekunlaşdıran vergilər naziri Fazil Məmmədov məşğələdə səslənən hər bir fikrin qiymətli olduğunu qeyd edərək, iştirakçılara təşəkkürünü bildirmiş, ümummilli liderin həyat və fəaliyyətinin gələcək nəsillər üçün daim örnək olacağını vurğulamışdır.
geriyə || yuxarı |