16.04.2008
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş dəyirmi masa haqqında
Aprelin 16-da Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentində “Vergilər” qəzetinin və “Azərbaycanın vergi xəbərləri” jurnalının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və vergi siyasəti” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masa Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar Vergilər Nazirliyində təsdiq edilmiş Tədbirlər Planına əsasən təşkil olunmuşdur.
Əvvəlcə vergilər naziri Fazil Məmmədov və dəyirmi masa iştirakçıları Departamentin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoymuş, onun əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər.
Sonra tədbir konfrans zalında davam etmişdir. Vergilər naziri Fazil Məmmədov tədbiri açıq elan edərək ümummilli liderin şərəfli siyasi fəaliyyəti və dahi şəxsiyyəti barədə danışmış, ulu öndərin öz ömrünü Azərbaycan xalqına həsr etdiyini vurğulamışdır. F.Məmmədov Heydər Əliyevin doğma Azərbaycanı ən ağır günlərində xilas etdiyini, müstəqil dövlət kimi bütün dünyaya tanıtdığını və ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutmasında əvəzsiz xidmətlər göstərdiyini bir daha xatırlatmışdır. Nazir qeyd etmişdir ki, tarixdə şəxsiyyətlərin böyüklüyü, bir tərəfdən, gördükləri işlərin əhəmiyyəti ilə ölçülürsə, digər tərəfdən, bu fəaliyyətin gələcək əks-sədası, uzun illər ərzində hadisələrin axarına təsiri ilə müəyyənləşir. Bu baxımdan, ulu öndərin şah əsəri olan müasir Azərbaycanın və onun inkişaf konsepsiyasının daimi olaraq müstəqil dövlətçiliyimizin əsasını təşkil edəcəyi şübhəsizdir.
Vergilər naziri Azərbaycanda aparılan iqtisadi islahatların, o cümlədən bu islahatların ayrılmaz tərkib hissəsi olan vergi siyasətində köklü dəyişikliklər dövrünün mühüm bir zaman kəsiyinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu dəyirmi masa iştirakçılarının diqqətinə çatdırmış, ulu öndərin bu istiqamətdə gördüyü işlərə mərhələlərlə nəzər salmışdır.
Tədbirdə çıxış edən akademik Asəf Nadirov “Heydər Əliyev və vergi siyasəti” mövzusunda müzakirələrin və fikir mübadiləsinin aparılmasını açıq elan etmiş və ümummilli lider haqqında şəxsi düşüncələri ilə bölüşmüşdür.
Dəyirmi masada iştirak edən Milli Məclisin iqtisadi-siyasət komissiyasının sədr müavini Azər Əmiraslanov, Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti Ələkbər Məmmədov, Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutunun direktoru, professor Sadiq Salayev, AMEA-nın müxbir üzvü Əli Nuriyev, BDU-nun kafedra müdiri Rüstəm Məmmədov və başqaları müzakirələrdə cıxış etmişlər.
Sonda tədbiri yekunlaşdıran vergilər naziri Fazil Məmmədov dəyirmi masada səslənən hər bir fikrin qiymətli olduğunu qeyd edərək, iştirakçılara təşəkkürünü bildirmiş, ümummilli liderin həyat və fəaliyyətinin gələcək nəsillər üçün daim örnək olacağını vurğulamışdır.
geriyə || yuxarı |