24.04.2008
Vergi hüquqpozmalarına qarşı mübarizə sahəsində görülmüş işlər barədə
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti ölkə Prezidentinin fərmanları, sərəncamları, göstərişləri və bu sahədə Vergilər nazirinin müvafiq əmrlərini rəhbər tutaraq 2008-ci ilin 1-ci rübü ərzində də vergi hüquqpozmalarına qarşı mübarizə sahəsində işləri davam etdirmişdir.
Belə ki, sözügedən dövr ərzində hüquqi və fiziki şəxslər tərəfindən vergidən yayınma, qanunsuz sahibkarlıq və başqa faktlarla bağlı 63 cinayət işi başlanmışdır. Bu işlərdən 5-i bilabasitə Departamentə daxil olmuş əməliyyat məlumatları ilə bağlı toplanmış materiallar üzrə olmuşdur. İbtidai istintaqı tamamlanmış 16 cinayət işindən vergiləri ödəməkdən yayınmaya görə 6 iş və aksiz markası ilə markalanmamış malların satılmasına görə 1 iş olmaqla, cəmi 7 nəfər barəsində 7 cinayət işi baxılması üçün məhkəmələrə göndərilmişdir.
Bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergilərin məbləğini ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində olan 7 cinayət işinə xitam verilmişdir. İstintaqı tamamlanmış cinayət işləri üzrə vurulmuş ziyandan 245,5 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi ibtidai istintaq zamanı təmin olunmuşdur. Vergiləri ödəməkdən yayınma və qanunla istintaqı vergi orqanlarının səlahiyyətinə aid olan digər cinayətlər törətmiş 8 şəxs barəsində məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda Departamentdə bir sıra çoxepizodlu və məzmunca mürəkkəb olan cinayət işləri üzrə külli miqdarda vergiləri ödəməkdən yayınma və digər faktlarla bağlı ibtidai istintaq davam etdirilir. Daxil olmuş əməliyyat məlumatları və müraciətlər əsasında 43 şəxs haqqında araşdırmalar aparılaraq materiallar, qanunvericiliyə müvafiq tədbirlər görülməsi üçün aidiyyəti vergi orqanlarına göndərilmişdir.
Cinayət işləri üzrə müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 9 şəxs tutularaq Departamentin İstintaq şöbəsinə təhvil verilmiş, istintaqdan yayınan 17 şəxsin məcburi qaydada gətirilməsi təmin olunmuş, 176 şəxsin isə yeri müəyyən olunaraq istintaqa təqdim edilmişdir. Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı vergi yoxlamalarından yayınan 15 nəfər vergi ödəyicisi tapılıb aidiyyəti üzrə vergilər idarələrinə təqdim edilmişdir.
Vergi hüquqpozmalarına yol vermiş şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada mübarizə tədbirləri davam etdirilir.
geriyə || yuxarı |