18.04.2008
195 saylı telefon məlumat xidməti haqqında
195 saylı telefon məlumat xidməti vergi ödəyiciləri ilə operativ ünsiyyət baxımından çox faydalı və mütərəqqi bir xidmət növü olaraq qalır. Statistika göstərir ki, müraciətlərin operativ cavablandırılması üçün yaradılan bu məlumat xidmətindən istifadə edənlərin sayı durmadan artır.
Belə ki, əgər 2007-ci ildə telefon məlumat xidmətinə 226845 müraciət edilmişdirsə, 2008-ci ilin birinci rübündə bu rəqəm 119110-a çatmışdır. Bunlardan 22254 sorğu canlı olaraq mütəxəssislər tərəfindən, 93829-u isə elektron operator tərəfindən cavablandırılmışdır.
Sorğuların təhlili göstərir ki, canlı əlaqə zamanı vergi ödəyicilərini daha çox ayrı-ayrı vergilərin, xüsusilə gəlir vergisinin, sadələşdirilmiş verginin, əlavə dəyər vergisinin ödənilməsi ilə əlaqədar hesablamaların aparılması, həmçinin “bir pəncərə” prinsipi üzrə qeydiyyat və vergi uçotu, hesabatların təqdim edilməsi, e-bəyannamə ilə bağlı məsələlər maraqlandırır. Suallar arasında nəzarət-kassa aparatları, mühasibat uçotu, cərimə, maliyyə sanksiyaları barədə suallar da çoxluq təşkil edir.
Qeyd etmək lazımdır ki, 195 saylı telefon məlumat xidməti təkcə sorğuların cavablandırılmasını deyil, vergi qanunvericiliyinin pozulması və vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətləri barədə vergi ödəyicilərinin şikayətlərinin qəbul edilməsini də təmin edir.
geriyə || yuxarı
|