14.04.2008

Musiqi xidməti göstərən şəxslərin vergiyə cəlb olunması haqqında

Vergilər Nazirliyinin musiqi xidməti göstərən şəxslərin vergiyə cəlb olunması istiqamətində 2008-ci ilin əvvəlindən həyata keiçirdiyi maarifləndirmə və nəzarət tədbirləri bu sahədə köklü dəyişikliklərlə nəticələnmişdir.
Belə ki, cari ilin iş planına uyğun olaraq, artıq musiqiçilərin fəaliyyəti tam nəzarətə götürülmüş, eyni zamanda, kütləvi informasiya vasitələrində geniş məlumatlandırma kampaniyası həyata keçirilmiş, həm şadlıq evləri, həm də musiqi xidməti göstərən şəxslərlə müvafiq izahat işləri aparılmış, vergidən yayınan müğənnilərə xəbərdarlıqlar göndərilmiş, qanunvericiliyin pozulması faktları rəsmiləşdirilərək müvafiq aktlar tərtib edilmişdir. Bundan başqa, musiqiçilərin əldə etdikləri gəlirlərin vergidən yayındırılmasının qarşısının alınması məqsədilə şənlik mərasimlərinin keçirildiyi bütün şadlıq evləri və digər iri obyektlərin siyahısı Vergilər Nazirliyi tərəfindən təsdiq olunmuş və onlar Ədliyyə Nazirliyində Dövlət qeydiyyatından keçirilmiş xüsusi qeydiyyat kitabları ilə təmin edilmişdir. Bununla əlaqədar, musiqiçilərin aldıqları pul vəsaitlərinin qeydiyyat kitablarında düzgün göstərilməsi üçün müvafiq məlumatlandırma işləri həyata keçirilmişdir.
Görülən işlər nəticəsində, musiqi xidməti göstərən 365 fiziki şəxsin vergi orqanlarında uçota alınması təmin edilmişdir. Eyni zamanda, vergi orqanlarında uçota durmadan qanunsuz fəaliyyət göstərməkdə davam edən şəxslər barəsində aktlar tərtib olunmaqla qanunamüvafiq rəsmiləşdirmə işləri aparılmışdır.
Qeyd edək ki, hesabat dövrü ərzində uçota alınması təmin edilmiş musiqiçilərdən 14 nəfəri populyar müğənnilərdir:

  1. Axundov Rüfət
  2. Bayramlı Nadir
  3. Dadaşova Aynurə
  4. Ələsgərova Almaz
  5. Əzizova Xatirə
  6. Həbibova Natavan
  7. Hüseynova Xuraman
  8. İsgəndərli Mətanət
  9. Qədimova Xumar
  10. Kazımova Aygün
  11. Mehdiyev Rüfət
  12. Məhərrəmov Vasif
  13. Məmmədova Lalə
  14. Məmmədova Gülyanaq

Eyni zamanda, musiqiçilərin əldə etdikləri gəlirlərin şadlıq evlərində tətbiq edilmiş xüsusi kitablarda qeydiyyatının aparılması nəticəsində, indiyədək çox aşağı olmuş dövriyyə məbləğlərində ciddi artıma nail olunmuşdur. Belə ki, 2007-ci ildə musiqi xidməti göstərən şəxslərin orta rüblük dövriyyəsi 50,6 min manat olduğu halda, təkcə 1-ci rüb ərzində bu göstərici 7,4 dəfə artaraq 374,3 min manat təşkil etmişdir. Həmin dövriyyə 2007-ci il üzrə ümumi göstəricidən də 172 min manat çoxdur. Bundan başqa, cari ildə Məhərrəm ayının yanvarın 19-dan martın 8-dək dövrə təsadüf etdiyini və həmin müddətdə Azərbaycanda şənlik mərasimlərinin keçirilmədiyini nəzərə aldıqda aydın olur ki, 374,3 manatlıq dövriyyə bütöv rübü deyil, yalnız 41 günü əhatə edir.
Qeyd edək ki, artım tanınmış müğənnilər üzrə daha çox olmuşdur. Görülmüş işlər nəticəsində həmin şəxslərin 2008-ci ilin 1-ci rübü ərzində ümumi dövriyyəsi 197 min manata çatmışdır  ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8 dəfə çoxdur.
Daha bir məqam müğənnilərin qeydiyyat kitablarında göstərdikləri və imzaları ilə təsdiq etdikləri gəlirlərlə rüblük bəyannamələrdə qeyd olunan gəlir məbləğləri arasında yaranan ziddiyyətlə bağlıdır. Belə ki, şadlıq evlərinə paylanmış kitablarda aparılmış qeydlərə əsasən, müğənnilərin 1 şənlik mərasimindən gəlirinin onların bəyan etdikləri rüblük gəlirdən çox olması öz rəsmi təsdiqini tapmışdır.
Bununla əlaqədar, Vergilər Nazirliyi bildirir ki, əldə olunan ciddi irəliləyişlərə baxmayaraq, musiqi xidməti göstərən şəxslərin fəaliyyəti bundan sonra da daim nəzarətdə saxlanacaqdır. Bir daha musiqiçilərin nəzərinə çatdırılır ki, 2008-ci ilin 1-ci rübü üzrə təqdim edəcəkləri bəyannamələrdə gəlirlər dürüst göstərilməli və şadlıq evlərindəki xüsusi kitablarda qeyd edilmiş məbləğlərlə bütün fərqlər aradan qaldırılmalıdır. Başqa sözlə, heç bir halda bəyan edilmiş dövriyyə məbləğləri faktiki gəlirlərdən aşağı olmamalıdır. Əks təqdirdə, Vergi Məcəlləsinin 67-ci maddəsinə görə, qeydiyyat kitablarına əsasən müəyyənləşdirilmiş faktiki gəlir məbləğləri təqdim olunmuş bəyannamələrin göstəriciləri ilə üzləşdiriləcək və vergidən yayındırılmış məbləğlər kameral hesablama aparılmaqla büdcəyə bərpa olunacaqdır. Bu isə, büdcədən yayındırılmış vergi məbləğinin həcmindən asılı olaraq, təkcə sərt inzibati tədbirlərin həyata keçirilməsi ilə deyil, həm də cinayət məsuliyyətinə cəlb olunma halları ilə nəticələnə bilər.
Vergilər Nazirliyi fürsətdən istifadə edərək, bir daha vergi qanunvericiliyinə riayət edilməsinin vacibliyini musiqi xidməti göstərən şəxslərin nəzərinə çatdırır və onları vergi intizamına çağırır.

geriyə || yuxarı