21.04.2007
“Hərəmiz bir ağac əkək!” təşəbbüsü haqqında
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə işlənib hazırlanmış “Hərəmiz bir ağac əkək!” layihəsi ictimaiyyət arasında dərin razılıq hissi ilə qarşılanmışdır. Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, vətənimizin yaşıllıqlar diyarına çevrilməsi naminə başlanan bu hərəkatın əhəmiyyəti vergi əməkdaşları tərəfindən də yüksək dəyərləndirilir.
Heydər Əliyev Fondunun “Hərəmiz bir ağac əkək!” təşəbbüsünə qoşulan Vergilər Nazirliyinin Departamentləri və Ərazi Vergi İdarələri də paytaxtımızda və Azərbaycanın digər bölgələrində iməciliklər keçirmiş, 3500-dək müxtəlif növ ağaclar əkmişlər.
Belə ki, Bakı Şəhər Vergilər Departamentinin və Vergilər Nazirliyi yanında İri Vergi Ödəyiciləri ilə İş Üzrə Departamentin kollektivi Heydər Əliyev fondunun təşəbbüsü ilə “Hərəmiz bir ağac əkək!” devizi altında keçirilən nəcib vətənpərvərlik aksiyasına fəal qoşulublar. Hər iki kollektivin 200 nəfərdən çox əməkdaşı Tbilisi prospektində, Heydər Əliyev adına idman-konsert kompleksinin ətrafındakı parkda 1000-ə qədər həmişəyaşıl ağac, bəzək və gül kolları əkib, onlara qulluq göstərib, ərazidə geniş abadlıq və təmizlik işləri aparıblar.
Təşəbbüs çərçivəsində abadlıq işləri Azərbaycanın regionlarında da davam etdirilib. Sumqayıt şəhərindəki 2 saylı Ərazi Vergilər İdarəsinin kollektivi Bakı-Quba yolunun kənarında, Superfosfat zavodunun yaxınlığındakı ərazini yaşıllaşdırıblar. Belə ki, vergi işçiləri sözügedən ərazini tullantılardan təmizləyib, 200-dək ağac əkib və onların dibini belləyiblər. Vergi işçiləri həmçinin bu ağaclara qulluq göstrməyi də öhdələrinə götürüblər.
Gəncə şəhərində yerləşən 12 saylı Ərazi Vergilər İdarəsinin kollektivi də Heydər Əliyev Fondunun “Hərəmiz bir ağac əkək” təşəbbüsü çərçivəsində mütəmadi olaraq aparılan iməcilikləri davam etdiriblər. Kollektivin üzvləri Gəncənin Üzeyir Hacıbəyov küçəsində böyük bir ərazini məişət tullantılarından təmizləyib, yerli iqlim şəraitinə uyğun olan 100-ə qədər palıd, çinar və digər ağac növləri əkiblər. Vergi əməkdaşları avtomobil yolunun kənarında olan bu sahədəki ağaclara qulluq etməyi öhdəlinə götürüblər.
Ağacların əkilməsi prosesi Vergilər Nazirliyinin digər Ərazi Vergilər İdarələrində də həyata keçirilib. Bu prosesdə 4, 5, 6, 12, 14 saylı ƏVİ-lər daha fəallıq göstərmişlər.
Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, vətənimizin daha da gözəlləşməsi, yaşıllaşan və çiçəklənən bir diyara çevrilməsi naminə həyata keçirilən bu xeyirxah təşəbbüsü yüksək qiymətləndirən vergi orqanları əməkdaşları aksiya çərçivəsində fəaliyyətlərini bundan sonra da davam etdirəcəklər.
geriyə || yuxarı
|