18.04.2007
2007-ci ilin yanvar-mart ayları ərzində operativ nəzarət sahəsində görülən işlər haqqında
2007-ci ilin yanvar-mart ayları ərzində operativ vergi nəzarəti sahəsində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, əmək müqaviləsi bağlamadan işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, aksiz markalarının tətbiqi, fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişindaşıma fəaliyyətinin həyata keçirilməsi vəziyyətinin araşdırılması, həmçinin vergi orqanlarında uçota durmayan vergi ödəyicilərinin, valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılması, dəyişdirilməsi və ödəniş vasitəsi kimi qəbul edilməsi faktlarının, eləcə də xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində müəyyən işlər görülmüşdür.
Hesabat dövrü ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması ilə bağlı 1.353 obyektdə nəzarət tədbirləri həyata keçirilmişdir. Bununla əlaqədar 1.326 akt tərtib edilmiş və 108 min AZN məbləğində maliyyə sanksiyası kəsilmiş, 376,6 min AZN məbləğində inzibati cərimə və maliyyə sanksiyasının (ötən dövrlərin qalığı da nəzərə alınmaqla) dövlət büdcəsinə ödənilməsi təmin olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 209,3 min AZN çoxdur.
Vergi orqanlarında uçota durmayan vergi ödəyicilərinin aşkar edilməsi ilə əlaqədar 328, valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılması və ya dəyişdirilməsi ilə bağlı 66, ödəniş vasitəsi kimi qəbul edilməsi faktlarının müəyyənləşdirilməsi ilə əlaqədar isə 36 obyektdə nəzarət tədbirləri həyata keçirilmiş və eyni sayda akt və protokollar tərtib edilərək müvafiq tədbirlər görülmüşdür.
I rüb ərzində Vergilər Nazirliyi fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişindaşıma fəaliyyətinin həyata keçirilməsi vəziyyətinin araşdırılması istimaqətində nəzarət tədbirlərini daha da intensivləşdirmiş və aşkar edilmiş faktlarla əlaqədar 103 akt tərtib edilərək 2,9 min AZN məbləğində maliyyə sanksiyası kəsilmiş, 5,4 min AZN məbləğində maliyyə sanksiyasının (ötən dövrlərin qalığı da nəzərə alınmaqla) dövlət büdcəsinə ödənilməsi təmin olunmuşdur.
Aksiz markalarının tətbiqi ilə bağlı 28, əmək müqaviləsi bağlamadan işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə əlaqədar 164 obyektdə nəzarət tədbirləri həyata keçirilmişdir. Tədbirlər nəticəsində 35.040 ədəd aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış mal, eyni zamanda 308 nəfərin əmək müqaviləsi bağlamadan çalışdığı aşkar edilmiş, akt və protokollar tərtib edilərək müvafiq tədbirlər görülmüşdür.
Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində isə 550 obyektdə həyata keçirilən nəzarət tədbirləri nəticəsində eyni sayda protokol tərtib edilmiş və 3,9 min AZN məbləğində inzibati cərimə kəsilmişdir.
geriyə || yuxarı
|