13.04.2007
2007-ci ilin yanvar-mart ayları ərzində vergi cinayətləri ilə mübarizə sahəsində görülən işlər haqqında
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti Azərbaycan Respublikası Prezidentinin ölkəmizin iqtisadi inkişafının sürətləndirilməsinə yönəldilmiş fərman və sərəncamlarını, eləcə də vergilər nazirinin müvafiq əmrlərini rəhbər tutaraq vergi hüquqpozmalarına qarşı mübarizə sahəsində 2007-ci ilin 1-ci rübü ərzində müəyyən işlər görmüşdür.
Departamentə daxil olmuş audit yoxlama materialları əsasında 2007-ci ilin 1-ci rübündə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən vergiləri ödəməkdən yayınma, qanunsuz sahibkarlıq və digər faktlarla bağlı 60 cinayət işi başlanmışdır. Ötən ildən qalmış işlər də nəzərə alınmaqla icraatda cəmi 187 cinayət işi olmuşdur ki, onlardan 30-u üzrə ibtidai istintaq tamamlanmışdır. İstintaqı tamamlanmış cinayət işlərindən 25 nəfər barəsində 24 cinayət işi ittiham aktı ilə baxılması üçün məhkəmələrə göndərilmişdir.
276,0 min AZN məbləğində vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə 4 cinayət işinə Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən, 4 cinayət işinə isə digər əsasla xitam verilmişdir.
İstintaqı tamamlanmış cinayət işləri üzrə Departamentin istintaq şöbəsi tərəfindən 297,9 min AZN məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunmuşdur.
2007-ci ilin 1-ci rübü ərzində vergiləri ödəməkdən yayınma və qanunla istintaqı vergi orqanlarının səlahiyyətinə aid olan digər cinayətlər törətmiş 8 şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Həmin müddət ərzində vergiləri ödməkdən yayınan və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub dövlətə ziyan vuran şəxslərin müəyyən edilməsi və dövlət büdcəsindən yayındırılmış vəsaitin təyinatı üzrə ödənilməsinin təmin olunması üçün Departament tərəfindən digər tədbirlər də görülmüşdür. Belə ki, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilmiş tədbirlər nəticəsində kənd təsərrüfatı məhsullarının satışı zamanı nağd hesablaşma qaydalarının pozulması halları və 115,1 min AZN məbləğində, yəni külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.4-cü maddəsi ilə 1 cinayət işi başlanmışdır.
Bundan başqa, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda vergiləri ödəməkdən yayındıqlarına və vergi orqanlarının səlahiyyətinə aid olan digər cinayətlər törətdiyinə görə barələrində axtarış elan edilmiş 10 şəxs tapılaraq Departamentin istintaq şöbəsinə təhvil verilmişdir.
2007-ci ilin 1-ci rübü ərzində vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması zamanı vergi yoxlamalarından yayınan 9 nəfər vergi ödəyicisi tapılıb müvafiq vergi orqanlarına təqdim edilmişdir.
Hesabat dövründə cinayət işləri üzrə verilmiş istintaq və əməliyyat tapşırıqlarının icrası ilə əlaqədar olaraq istintaqdan yayınan 16 nəfər şəxsin məcburi qaydada gətirilməsi, 50 nəfərin isə yeri müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin olunmuşdur.
geriyə || yuxarı
|