04.02.2009
Operativ nəzarət tədbirləri haqqında
Vergilər Nazirliyi əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına, bu zaman nəzarət-kassa aparatlarından istifadə edilməsi, həmçinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar edilməsi, valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə nəzarət tədbirlərini davam etdirir.
05.01.2009-01.02.2009 tarixləri ərzində keçirilmiş operativ nəzarət tədbirləri zamanı 1020 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilmiş və müvafiq tədbirlər görülmüşdür. Bu zaman 455 vergi ödəyicisində nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 65 vergi ödəyicisində valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi faktları aşkar edilmişdir. Keçirilən tədbirlər zamanı vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 173 vergi ödəyicisi aşkar edilmiş, 204 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olması faktları müəyyən edilmişdir.
Vergi orqanlarının həyata keçirdiyi operativ nəzarət tədbirləri zamanı 33 vergi ödəyicisində 35 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 28 vergi ödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 49 şəxs tərəfindən valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılması faktları aşkar olunmuşdur.
Aksiz markalarının tətbiqi vəziyyətinə nəzarət məqsədilə keçirilən tədbirlər zamanı isə 13 vergi ödəyicisində 820.90 manat dəyərində 432 ədəd aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar aşkar edilmişdir.
Operativ nəzarət tədbirləri davam etdirilir.
geriyə || yuxarı |