15 yanvar 2007-ci il tarixdə Vergilər Nazirliyinin Xüsusi rejimli vergi xidməti Departamentində KİV nümayəndələri üçün keçirilən mətbuat konfransında vergilər naziri Fazil Məmmədovun
GİRİŞ NİTQİ

Hörmətli media nümayəndələri!
Hörmətli qonaqlar!

İlk öncə, hamınızı Vergilər Nazirliyi adından salamlayır, tədbirdə iştirakınıza görə təşəkkürümü bildirirəm.
Bu mətbuat konfransını az öncə təqdimatını keçirdiyimiz sahibkarlıq subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi ilə dövlət qeydiyyatının aparılmasına həsr etmişik.
Bildiyiniz kimi, 2007-ci il bütövlükdə Azərbaycan cəmiyyəti, xüsusilə də ölkə iqtisadiyyatı üçün uğurlu il olmuşdur. Ötən il bir çox yeni iqtisadi layihələrin əsası qoyulmuş, bütün sahələrdə dinamik artım müşahidə edilmiş, ölkə öz iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırmışdır.
2007-ci ilin uğurlu hadisələrindən biri də biznes mühitində bəzi mövcud problemlərin aradan qaldırılması məqsədilə sahibkarlıq fəaliyyəti subyektlərinin 1 yanvar 2008-ci il tarixdən “bir pəncərə” prinsipi üzrə qeydiyyatının həyata keçirilməsinə başlanmasıdır.  
Məlumunuz olduğu kimi, Azərbaycanda sahibkarlıq fəaliyyətinin davamlı inkişafı dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissələrindən birini təşkil edir. Azərbaycanda aparılan iqtisadi islahatlar nəticəsində ölkəmizdə biznesin inkişafı üçün möhkəm təməl yaranmışdır. Artıq iqtisadiyyatımızın müasir inkişaf mərhələsi özəl sektorun iqtisadi həyatda fəal iştirakı ilə birbaşa bağlıdır.
Möhtərəm Prezidentimiz bu sahəyə olduqca mühüm əhəmiyyət verir. Çünki, özəl sektorun inkişafı Azərbaycanın dövlət büdcəsinin maliyyə gəlirlərinin artması, yeni iş yerlərinin açılması, əhalinin sosial vəziyyətinin yaxşılaşması deməkdir. Bu məqsədlə son illər Azərbaycanda böyük islahatlar həyata keçirilmişdir və bu islahatlar aktiv şəkildə davam etdirilir.
Məlum olduğu kimi, sahibkarlığın dəstəklənməsi sahəsində dövlət başçısının hökumət qarşısında qoyduğu vəzifələr sırasında sahibkarlıq subyektlərinn fəaliyyəti üçün bürokratik əngəllərin aradan qaldırılması, biznes mühitində mövcud olan problemlərin həll edilməsi daim qırmızı xətlə yer alıb.
Bütün bunlar əlbəttə, sahibkarlığın inkişafına və azad rəqabət prinsiplərinin formalaşmasına dəstək verən Möhtərəm Prezidentimizin diqqətini cəlb etməyə bilməzdi. Buna görə də qeyd olunan problemlərin aradan qaldırılması məqsədilə ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 2007-ci il 30 aprel tarixdə Fərman  imzalanmış və müvafiq sərəncamla sahibkarlıq subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə vahid dövlət qeydiyyat orqanı Vergilər Nazirliyi müəyyən edilmişdir.
Mən təqdimat zamanı da qeyd etdim, yenə də bildirmək istəyirəm ki, sahibkarlıq mühitinin formalaşdırılması üçün böyük əhəmiyyət daşıyan bu tədbirin reallaşdırılmasının Vergilər Nazirliyinə həvalə edilməsi dövlət başçısının vergi orqanlarına göstərdiyi həm böyük etimaddır, həm də böyük məsuliyyətdir. Biz bunu aydın dərk edirik, ona görə də, dövlət başçısının müvafiq fərmanı və sərəncamından irəli gələn məsələlərin həlli üçün ötən müddət ərzində hökumətdə çox gərgin və intensiv iş aparılmışdır.
Mən aparılan işlərin detallarına çox da varmaq istəmirəm. Bu gün Siz praktiki olaraq görülmüş işin nəticələri ilə tanış olmaq imkanına maliksiniz. Bir daha qeyd etmək istərdim ki, dövlət qeydiyyatının “bir pəncərə” prinsipi əsasında təşkil edilməsi işi ən son informasiya texnologiyalarının tətbiqi əsasında qurulmuşdur və sahibkarların qeydiyyat prosesində maksimal rahatlığının təmin olunması əsas götürülmüşdür.
İndi hər bir sahibkar Vergilər Nazirliyinin müvafiq strukturuna müraciət etməklə, ancaq qanunvericiliyin tələb etdiyi zəruri sənədləri təqdim etməklə cəmi 3 gün ərzində dövlət qeydiyyatına alınır. Bu zaman qeydiyyat müddəti 20 dəfədən çox, prosedur qaydaları 3 dəfə azaldılmışdır.
Xüsusi qeyd etmək istərdim ki, sahibkarlar heç bir bürokratik əngəllə qarşılaşmırlar. Qeydiyyat prosesinə cəlb olunmuş bütün vergi xidməti əməkdaşlarına sahibkarlara maksimum köməklik göstərilməsi ilə bağlı xüsusi təlimatlar verilmişdir.
Ümid edirik ki, aparılan işlərin nəticələrinin qısa müddətdə ölkədə sahibkarlıq subyektlərinin inkişafına verəcəyi təkanın Siz də əyani olaraq şahidi olacaqsınız.

Hörmətli media nümayəndələri!
Çıxışımı burada yekunlaşdırmaq istəyirəm. Mən texniki və qanunverici aspektdə olan bir çox məsələlərə toxunmadım. Bu sahələrdə əhəmiyyətli və vacib işlər görülmüşdür. Güman edirəm ki, media nümayəndələrinin bu və digər məsələlərlə bağlı sualları vardır. Sizi maraqlandıran bütün suallara cavab verməyə hazıram.
Buyurun.

Fotolarda

geriyə